Azərbaycan Respublikasının suveren ərazilərində hər hansı tədbiri təşkil etməsi və bu tədbirdə beynəlxalq nümayəndələrin iştirakı Ermənistanın kompetensiyasına aid bir məsələ deyil. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycanın Şuşa şəhərində keçirilmiş konfransda BMT nümayəndəsinin iştirakı ilə bağlı Ermənistan XİN-in etiraz bildirməsini şərh edərkən deyib.
2020-ci ilin payızında İkinci Qarabağ müharibəsi zamanı işğaldan azad edilmiş Şuşa şəhərində 18 mart tarixində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş konfrans keçirilib.
“Ermənistanın digər dövlətin daxili işlərinə qarışması əsassız və yolverilməzdir”, - Abdullayeva vurğulayıb.
O qeyd edib ki, “Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi bu ölkənin 44 günlük müharibədən doğru nəticə çıxarmadığını nümayiş etdirir”.
“Ermənistan XİN-in bu mövqeyi Azərbaycanın beynəlxalq ictimaiyyətin aparıcı üzvləri ilə birgə bölgədə sülh quruculuğu səylərinə maneə törətmək cəhdindən başqa bir şey deyildir”, - Abdullayeva bəyan edib.
“Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, Şuşa Azərbaycanın əzəli ərazisidir. Azərbaycanın mədəniyyət beşiyi olan bu şəhər, digər ərazilərimizlə yanaşı 2020-ci ildə azad edilib və ərazi bütövlüyümüz bərpa olunub”, - o bildirib.
XİN-in spikeri deyib ki, “BMT heç vaxt keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı neytral mövqe sərgiləməyib, əksinə Baş Assambleya və Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”.
"Bu xüsusda, Ermənistan XİN-in hansı “neytral statusu” bərpa etməyə çağırması aydın deyil”, - Azərbaycan XİN-dən bəyan ediblər.
Abdullayeva əlavə edib ki, “Ermənistan bölgədəki post-münaqişə reallıqlarını nə qədər tez qəbul edərsə, bu ölkə üçün bir o qədər faydalı olar”. **
R.Kərimov