“SOCAR Methanol” MMC 2022-ci ilin yanvar-fevral aylarında 96 min ton metanol istehsal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Martın 1-nə olan vəziyyətə görə, müəssisənin anbarında 31 min ton hazır məhsul var.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-fevral aylarında “SOCAR Methanol” $23 milyon 827,26 min dəyərində 74 min 460,2 ton metanol ixrac edib. Hesabat dövründə ixracın ümumi həcmində metanolun payı 0,4%, qeyri-neft məhsullarının ixrac həcmində 5,16% təşkil edib”, - deyə məlumatda bildirilir.
“SOCAR Methanol” zavodunda əsaslı təmir işlərinin aparılması ilə əlaqədar 2021-ci ilin yanvar ayında metanol istehsalı və ixracı həyata keçirilməyib. Müəssisə 2021-ci ilin may ayında fəaliyyətini bərpa edib.
Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Metanol zavodu “AzMeCo” şirkəti tərəfindən inşa edilib. Zavodun inşasına $500 milyona yaxın sərmayə qoyulub. Zavodun illik istehsal gücü 720 min ton metil spirti təşkil edir.
SOCAR məhkəmənin qərarı ilə Azərbaycan Beynəlxalq Bankından alınaraq “Aqrarkredit” QSC-nin sərəncamına verilmiş müəssisəni sonuncudan 810 milyon manata əldə edib.*
N.Abbasova