Prezident İlham Əliyev “China Eastern Airlines” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Çin Xalq Respublikasının sədri Si Cinpinə başsağlığı verib.
“Çinin cənubunda “China Eastern Airlines” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi son dərəcə sarsıtdı. Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”, - deyə bu gün dövlət başçısının saytında dərc olunmuş başsağlığı məktubunun mətnində bildirilir.
Qeyd edək ki, göyərtəsində 133 nəfərin olduğu “Boeing-737” tipli sərnişin təyyarəsi Quansi Cuan muxtar bölgəsində qəzaya uğrayıb. Qəzanın səbəbləri hələ məlum deyil.*