Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının (IOFS) baş direktoru Yerlan Baidaulet martın 23-də Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüşdə rəsmi Bakının İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində həyata keçirilən layihələrə verdiyi töhfələri yüksək qiymətləndirib. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Görüş İslamabadda keçirilən İƏT Xarici İşlər Nazirləri Şurasının 48-ci iclası çərçivəsində baş tutub.
“Y.Baidaulet Azərbaycan Respublikasının İƏT çərçivəsində həyata keçirilən layihələrə verdiyi töhfələri yüksək qiymətləndirərək göstərilən xüsusi dəstəyə görə ölkəmizə təşəkkürünü çatdırıb”, - deyə məlumatda bildirilir.
Görüş əsnasında baş direktor rəhbərlik etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi proqramlar haqqında məlumat verib.
E.Məmmədov Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına daima xüsusi önəm verdiyini, ölkəmizin bu qurumda fəal rol oynadığını həmsöhbətinin diqqətinə çatdırıb. O, Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının fəaliyyətinə dair ətraflı məlumatın verildiyinə görə təşəkkürünü bildirib.
Qida təhlükəsizliyinin təmin olunmasının önəmindən söz açan E.Məmmədov Azərbaycan Respublikasında bu istiqamətdəki fəaliyyətin ölkə rəhbərliyi tərəfindən daim diqqətdə saxlanıldığını xüsusi vurğulayıb. Nazir müavini qida təhlükəsizliyi ilə bağlı İƏT üzv ölkələri arasında qarşılıqlı dialoqun aparılmasının böyük əhəmiyyət kəsb etdiyini də diqqətə çatdırıb.*
R.Kərimov