Azərbaycan işğal dövründə ona dəymiş zərərə görə Ermənistandan təzminat tələb etmək haqqına malikdir. Azərbaycan Xarici İşlər Nazirliyindən bu gün verilən məlumata görə, bu, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) İslamabadda keçirilən 48-ci sessiyasında qəbul edilmiş “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” adlı qətnamədə öz əksini tapıb.
“Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü nəticəsində Azərbaycanın ərazilərində İslam tarixi və mədəni ziyarətgahlarının dağıdılması və təhqir edilməsi” adlı qətnamədə işğal dövründə Azərbaycan ərazilərindəki İslam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının dağıdılması, talan edilməsi, oğurlanması, qanunsuz yerdəyişməsi və ya mənimsənilməsi, eləcə də bu obyektlərə qarşı vandallıq aktlarının törədilməsi qətiyyətlə pislənilib, yenicə azad olunmuş ərazilərdə yerləşən məscidlərin Ermənistan tərəfindən təhqir olunması şiddətlə qınanılıb.
Qətnamədə Azərbaycanın ona dəymiş zərərə görə təzminat tələb etmək haqqı, Ermənistanın isə bu təzminatı ödəmək məsuliyyəti təsdiq olunub.
Qeyd edək ki, İƏT XİNŞ-in 48-ci sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı 4 qətnamə qəbul edilib.
Qətnamələr Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri ilə bağlı siyasi, iqtisadi və mədəni məsələləri əhatə edir.
“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi”, “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” və “Xocalı qırğınının qurbanları ilə həmrəylik” adlı qətnamələr qəbul edilib.
İƏT tərəfindən ənənəvi olaraq hər il qəbul olunan bu qətnamələrə bölgədəki son vəziyyət nəzərə alınmaqla yeni müddəalar daxil edilib.
İƏT XİNŞ-in 48-ci sessiyası 22-23 mart 2022-ci il tarixlərində Pakistan İslam Respublikasının İslamabad şəhərində keçirilib. Azərbaycanı tədbirdə xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.*
R.Kərimov