Azərbaycan ərazilərinin işğaldan azad olunması nəticəsində bir milyondan çox məcburi köçkün öz evlərinə qayıda biləcək. Azərbaycan Xarici İşlər Nazirliyindən bu gün verilən məlumata görə, bu barədə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) İslamabadda keçirilən 48-ci sessiyasında qəbul edilmiş “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” adlı qətnamədə deyilir.
Qətnamədə Azərbaycan ərazilərinin işğaldan azad olunmasının Azərbaycan ərazisindəki bir milyondan çox məcburi köçkünün öz evlərinə təhlükəsiz və şərəfli qayıdışına və beləliklə də ciddi humanitar problemlərin aradan qaldırılmasına imkan verəcəyi qeyd olunub. Bu xüsusda üzv ölkələrə, İslam İnkişaf Bankı və digər İslam institutlarına işğaldan azad olunmuş torpaqlara məcburi köçkünlərin geri dönüşünü təmin etmək üçün bu ərazilərin yenidən qurulması və bərpasında Azərbaycan hökumətinə və xalqına yardım etməyə çağırış öz əksini tapıb. Burada, habelə bütün beynəlxalq institutlar Azərbaycanın iqtisadi və sosial inkişaf fəaliyyətini dəstəkləməyə çağırılıb.
Qeyd edək ki, İƏT XİNŞ-in 48-ci sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı 4 qətnamə qəbul edilib.
Qətnamələr Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri ilə bağlı siyasi, iqtisadi və mədəni məsələləri əhatə edir.
“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi”, “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” və “Xocalı qırğınının qurbanları ilə həmrəylik” adlı qətnamələr qəbul edilib.
İƏT tərəfindən ənənəvi olaraq hər il qəbul olunan bu qətnamələrə bölgədəki son vəziyyət nəzərə alınmaqla yeni müddəalar daxil edilib.
İƏT XİNŞ-in 48-ci sessiyası 22-23 mart 2022-ci il tarixlərində Pakistan İslam Respublikasının İslamabad şəhərində keçirilib. Azərbaycanı tədbirdə xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.*
R.Kərimov