Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Qaradağ Günəş Elektrik Stansiyasının tikintisi və istismarı üçün $51 milyon kredit ayıracaq.
“İnterfaks-Azərbaycan” agentliyinin daha əvvəl verdiyi xəbərə görə, Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi 2022-ci il martın 15-də keçirilib.
AYİB-in saytında verilən məlumata görə, kredit üzrə borcalan qismində layihənin həyata keçirilməsi məqsədilə Azərbaycanda yaradılmış “Masdar Azerbaijan Energy Limited Liability Company” çıxış edəcək. Stansiyanın tikintisi “Masdar” şirkətinin (BƏƏ) investisiyaları hesabına həyata keçiriləcək.
Layihənin dəyəri $240 milyon təşkil edir (“Masdar” şirkəti $225 milyon məbləğində vəsait qoyuluşunu təmin edəcək - İF).
230 MVt gücündə stansiyanın 2023-cü ilin sonunda işə salınması planlaşdırılır.
“Layihənin həyata keçirilməsi 110 min mənzili elektrik enerjisi ilə təmin etməyə, ildə 110 milyon kubmetr qaza qənaət etməyə və 200 min ton karbon emissiyasının qarşısını almağa imkan verəcək. Bu layihə Azərbaycana istilik enerjisinin istehsalından asılılığı azaltmağa, bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi ilə bağlı hədəflərə çatmağa kömək edəcək”, - deyə məlumatda bildirilir.
AYİB-dən vurğulayıblar ki, bankın Direktorlar Şurası 2022-ci il aprelin 27-də keçiriləcək iclasda kreditin ayrılmasını təsdiq edəcək.
Bu layihənin həyata keçirilməsi nəticəsində Azərbaycanın enerji sistemində bərpa olunan enerjinin müəyyən edilmiş gücünün xüsusi çəkisi 16,5%-dən 21,2%-ə çatacaq.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. AYİB bu günədək respublikada 181 layihənin maliyyələşdirilməsinə 3,36 milyard avro vəsait ayırıb. Hazırda bankın respublika üzrə aktiv portfelinə 33 layihə daxildir və onların həyata keçirilməsinə 817 milyon avro ayrılıb.*
R.Əhmədov