Yunanıstan-Bolqarıstan interkonnektoru (Interconnector Greece – Bulgaria, IGB) Azərbaycandan Bolqarıstana təbii qazın nəql ediləcəyi Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) qoşulub. Bu barədə IGB operatorunun məlumatında deyilir.
IGB işə salındıqdan sonra bu qoşulma Bolqarıstanı əvvəlcə ildə 1 milyard kubmetr qazla təmin edəcək, sonrakı mərhələdə isə bu həcm ildə 3 milyard kubmetrə qədər artacaq.
İnterkonnektorun 2022-ci ilin iyulunda işə salınması planlaşdırılır və bu, Bolqarıstana təkcə Azərbaycan qazını almağa deyil, həm də Rusiya qazından imtina etməyə imkan verəcək.
Azərbaycan Bolqarıstana 1 milyard kubmetr qazın (sonradan 3 milyard kubmetrə qədər artırılmaqla) tədarükünə dair müqavilə bağlayıb. TAP qaz kəməri ilə nəqlə 2020-ci il dekabrın 31-də başlanılıb. Lakin interkonnektorun olmaması ilə əlaqədar Azərbaycan qazının Bolqarıstana nəql həcmi nəzərdə tutulduğundan 4 dəfə az olub.*