28 fevral 2022-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 38 milyard 483,4 milyon manat təşkil edir. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 31 dekabr 2021-ci il tarixinə bankların aktivləri 38 milyard 462,2 milyon manat məbləğində olub. Beləliklə, 2022-ci ilin yanvar-fevral aylarında bankların aktivləri 0,06% artıb.
Fevralın sonuna bankların kredit portfeli 17 milyard 126,5 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 2,8% - İF) təşkil edir.
Bankların ümumi kapitallaşması 5 milyard 61,5 milyon manat (artım 1,9% - İF) təşkil edir.
Bankların öhdəlikləri 33 milyard 421,9 milyon manata (azalma 0,2%) bərabərdir. Eyni zamanda, bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 317,3 milyon manat məbləğində (azalma 0,6%) qiymətləndirilir. Banklarda depozit portfeli 27 milyard 55,5 milyon manat (artım 0,4%), o cümlədən əhalinin əmanətləri 9 milyard 869,7 milyon manat (artım 9,3%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2022-ci ilin yanvar-fevral aylarında bankların ümumi xalis mənfəəti 107,7 milyon manat təşkil edib (2021-ci ilin fevral ayı ilə müqayisədə artım 47,3% - İF).
Hesabat dövründə bankların faiz gəlirləri 394,9 milyon manat (artım 21,5%), o cümlədən verilmiş kreditlər üzrə 330,3 milyon manat (artım 27,4%) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 144 milyon manat məbləğində (artım 37,4%) olub.
Bankların faiz xərcləri 95,7 milyon manat (artım 11,7%), o cümlədən depozitlər üzrə 66,3 milyon manat (artım 21,7%), qeyri-faiz xərcləri 272,7 milyon manat (artım 39,8%) təşkil edib.
2022-ci ilin yanvar-fevral aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 161,8 milyon manat (artım 18,1%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 137,2 milyon manat (artım 53,6%), mənfəət vergisi üzrə ödənişlər 29,5 milyon manat məbləğində (artım 1,8 dəfə) qiymətləndirilir.
28 fevral 2022-ci il tarixinə respublikada 26 bank fəaliyyət göstərir. Bu bankların 12-si xarici kapitallıdır.
Bankların 481 filialı (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,4%) və 97 şöbəsi (dəyişməyib) var.
Bank sektorunda 20,834 min nəfər (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 2,5% - İF) çalışır.**
X.Nəsirzadə