Əgər Ermənistan sülh sazişi məsələsini növbəti ictimai məlumatlandırma aksiyası kimi deyil, ciddi addım kimi nəzərdən keçirirsə, o zaman rəsmi Bakı konkret addımlar atmağa hazırdır.
“Əgər Ermənistan tərəfi sülh sazişi məsələsini növbəti ictimai məlumatlandırma aksiyası kimi deyil, ciddi addım kimi nəzərdən keçirirsə, o zaman konkret addımlara keçməyin zamanıdır. Bir daha qeyd etmək istərdik ki, Azərbaycan öz tərəfindən buna hazırdır”, - deyə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Ermənistan Təhlükəsizlik Şurasının 2022-ci il 28 mart tarixli bəyanatı ilə əlaqədar verdiyi açıqlamada bildirilir.
Azərbaycan XİN bir daha xatırladıb ki, ilk olaraq Azərbaycan tərəfi hələ bir il bundan əvvəl Ermənistanla sülh sazişinin imzalanması təklifini ən yüksək səviyyədə irəli sürüb və bir ay öncə sazişin əsaslanmalı olduğu konkret prinsipləri səsləndirib.
XİN Ermənistan Təhlükəsizlik Şurasının bəyanatı ilə əlaqədar qeyd edib ki, bölgədə gərginliyin artmasının birbaşa səbəbi Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir. Məhz Ermənistan tərəfindən üçtərəfli Bəyanatın müddəalarının pozulması bölgədə gərginliyi artırır və sülh quruculuğu səylərinə xələl gətirir.
“Beynəlxalq çəkindirmə mexanizmlərinin işə salınması məsələsi ilə əlaqədar Ermənistan rəhbərliyinin diqqətinə çatdırmaq istərdik ki, bəşəriyyət hələlik beynəlxalq hüquqdan başqa daha yaxşı beynəlxalq çəkindirmə vasitəsi düşünməyib. Ermənistan kimi bir dövlət bir tərəfdən beynəlxalq hüququ kobud şəkildə pozub, digər tərəfdən beynəlxalq çəkindirmə mexanizmindən danışa bilməz. Əgər Ermənistan Təhlükəsizlik Şurasının üzvləri ən yaxşı beynəlxalq çəkindirmə vasitəsinin nə olduğunu hələ də bilmirlərsə, o zaman biz beynəlxalq hüququn fundamental prinsiplərini, o cümlədən, dövlətlərin suverenliyi və beynəlxalq sərhədlərinə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq, beynəlxalq öhdəliklərinə riayət etmək kimi prinsipləri bir daha onlar üçün təkrar edirik”, - deyə açıqlamada vurğulanır.*
X.Nəsirzadə