29 mart 2022-ci il tarixində Bakı Fond Birjasında (BFB) “Finca Azerbaycan” BOKT-un 3 milyon manat həcmində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb. Bu barədə BFB-dən məlumat verilib.
“Hərrac zamanı 9 investor tərəfindən 9 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 3 milyon manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 3 milyon manat təşkil edib”, - deyə məlumatda bildirilir.
Emissiya hər birinin nominal dəyəri 1 min manat olan 3 min ədəd istiqraza bölünüb. Tədavül müddəti 24 ay olan istiqrazların illik faiz dərəcəsi 12.5%-dir, faiz ödənişləri 3 təqvim ayından bir olmaqla həyata keçiriləcək. İstiqrazların ödəmə tarixi 18 mart 2024-cü ildir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Xəbər veriliyi kimi, “Finca Azerbaycan” 6 milyon manat məbləğində istiqraz buraxmağı planlaşdırır.
1999-cu ilin noyabr ayında dövlət qeydiyyatına alınmış “Finca Azerbaycan” BOKT riteyl və mikrokredit bazarında əməliyyatlar həyata keçirir. Təşkilatın nizamnamə kapitalı 3 milyon 756,572 min manata bərabərdir, yeganə təsisçisi “Finca Microfinance Cooperatief U.A.” şirkətidir (Niderland). 2020-ci ilin sonuna BOKT-un aktivləri 26,2 milyon manat, kapitalı 15,5 milyon manat məbləğində qiymətləndirilir. 2020-ci ilin yekunları üzrə təşkilatın vergi ödənilənədək mənfəəti 734 min manat təşkil edib.*
X.Nəsirzadə