Çərşənbə günü Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippini qəbul edib.
“Görüş zamanı Həsənov Birləşmiş Krallığın BMT-nin İnkişaf Proqramı çərçivəsində Azərbaycanda ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənərək zərərsizləşdirilməsi məqsədilə göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirib”, - MN-nin məlumatında deyilir.
Həsənov Qarabağ iqtisadi zonasında və Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyətlə bağlı həmsöhbətinə ətraflı məlumat verib.
Hippi öz növbəsində ölkələrimiz arasında qarşılıqlı səfər və görüşlərin ikitərəfli əlaqələrin genişlənməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib.
“Tərəflər hərbi sahədə əməkdaşlığın perspektivləri və digər mövzular ilə bağlı fikir mübadiləsi aparıblar”, - məlumatda qeyd edilir. **
E.Şəfiyev