Azərbaycanın energetika naziri Pərviz Şahbazov Almaniyada Azərbaycandan təbii qazın mümkün tədarükünü və bərpa olunan enerji üzrə əməkdaşlığı müzakirə edib. Bu barədə Energetika Naziriyindən məlumat verilir.
Nazirliyin məumatında qeyd olunur ki, “Berlin Enerji Keçidi Dialoqu” tədbiri çərçivəsində Şahbazov Rumıniyanın energetika naziri Virgil Daniel Popesku və Almaniya Enerji Agentliyinin (DENA) baş icraçı direktoru Andreas Kulmanın rəhbərlik etdikləri nümayəndə heyətləri ilə görüşüb.
“Popesku ilə görüşdə perspektivdə Azərbaycandan təbii qazın tədarükünü, bu istiqamətdə ölkələrin müvafiq şirkətləri arasında əməkdaşlığı əhatə edən məsələlər müzakirə edilib”, - nazirlikdən vurğulanıb.
Həmçinin Azərbaycan və Gürcüstan ilə Rumıniya arasında Qara dəniz sualtı elektrik enerjisi və rəqəmsal qoşulma layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb. Layihə üzrə İşçi Qrupu çərçivəsində atılacaq addımlar nəzərdən keçirilib.
“Bu layihə Xəzər dənizində külək enerjisi potensialının reallaşdırılması ilə elektrik enerjisinin ixracı aspektində dəyərləndirilib”, - nazirlikdən qeyd edilib.
“4 pilot layihə təklifinin hazırlanması ilə Azərbaycanda mərkəzləşdirilməmiş bərpa olunan enerjinin inkişafı istiqamətində DENA ilə əməkdaşlıq yüksək qiymətləndirilib. Müzakirələr zamanı pilot layihələrin tətbiqi ilə bağlı məsələlər və tövsiyələr nəzərdən keçirilib, intensiv təmasların davam etdirilməsi razılaşdırılıb. Bərpa olunan enerji üzrə DENA ilə əməkdaşlığın genişləndirilməsinə maraq ifadə edilib”, - nazirlikdən bildirilir. **
R.Kərimov