Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb, digər kütləvi məzarlıqların axtarışı davam etdirilir. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında deyilir.
“Adı çəkilən yüksəklik uğrunda Birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyini və Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyini nəzərə alaraq, tapılan meyit qalıqlarının şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduğu ehtimal edilir”, - deyə məlumatda bildirilir.
Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə 62 nəfər Azərbaycan hərbçisi itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınıb. Eyni zamanda, Dövlət Komissiyasında toplanmış məlumatlara əsasən, Fərrux yüksəkliyinin yaxınlığında yerləşən Xocalı rayonu, Pirlər kəndində 46 nəfər, Ağdam rayonu, Əliağalı kəndində 11 nəfər Azərbaycan hərbçisi itkin düşüb.
“Fərrux yüksəkliyində və ətrafında kütləvi məzar yerlərinin olması ehtimalı nəzərə alınaraq, mütəxəssislərdən ibarət heyət tərəfindən ərazidə axtarış və müvafiq ekshumasiya tədbirlərinin aparılması planlaşdırılır. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev