Azərbaycan 2022-ci ilin yanvar ayında Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 796,32 milyon kubmetr qaz ixrac edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 28,85% azdır. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, 2022-ci ilin yanvar ayında Türkiyəyə qaz ixracının ümumi həcminin 11,88%-i Azərbaycanın payına düşüb.
Azərbaycan yanvar ayında Türkiyəyə qaz ixracının həcminə görə üçüncü pilləyə yüksəlib. Birinci yerdə Rusiya (39,06%), ikinci yerdə ABŞ (17,98%), dördüncü yerdə Əlcəzair (10,11%) qərarlaşıb.
Cari ilin yanvar ayında Türkiyəyə 6 milyard 704,88 milyon kubmetr qaz (2021-ci ilin yanvar ayı ilə müqayisədə artım 10,03%) ixrac edilib. 4 milyard 63,89 milyon kubmetr boru kəməri qazının (bütün ixracın 60,6%-i, azalma 9,9%), 2 milyard 640,98 milyon kubmetr (bütün ixracın 39,4%-i, artım 1,7 dəfə) isə LNG-nin payına düşüb.
İxrac 8 ölkədən (Azərbaycan, Rusiya, İran (boru kəmərləri ilə), ABŞ, Əlcəzair, Misir, Nigeriya və Trinidad və Tobaqo (LNG)) həyata keçirilib.
Türkiyəyə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində hasil olunan Azərbaycan qazı ixrac edilir.
2021-ci ilin III rübündə Azərbaycan və Türkiyə arasında 2024-cü ilin sonuna qədər Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql ediləcək 11 milyard kubmetr təbii qazın alqı-satqısı haqqında yeni müqavilə imzalanıb. Müqavilə 2024-cü ilin sonuna qədər (2021-2024-cü illər) “Mərhələ-1” çərçivəsində “Şahdəniz” yatağından ildə 3,5 milyard kubmetr qazın nəqlini nəzərdə tutur. Müqavilə çərçivəsində nəql 2021-ci il oktyabrın 1-dən həyata keçirilir.
2021-ci ildə Azərbaycan Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 8 milyard 820,24 milyon kubmetr qaz (azalma 22,7%) ixrac edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. Müqavilə üzrə tərəflərin iştirak payı aşağıdakı kimidir: BP (operator – 29,99%), SOCAR (21,02%), LUKOIL (19,99%), NICO (10%) və TPAO (19%).*
N.Abbasova