Asiya İnkişaf Bankı (AİB) “Qaradağ” Günəş Elektrik Stansiyasının (GES) tikintisi və istismara verilməsinə $23,2 milyon məbləğində kredit ayıracaq.
“İnterfaks-Azərbaycan” agentliyinin daha əvvəl verdiyi xəbərə görə, “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi 2022-ci il martın 15-də keçirilib.
Bankın saytında verilən məlumata görə, kredit üzrə borcalan qismində layihənin həyata keçirilməsi məqsədilə Azərbaycanda yaradılmış “Masdar Azerbaijan Energy Limited Liability Company” çıxış edəcək.
230 MVt gücündə stansiyanın 2023-cü ilin sonunda işə salınması planlaşdırılır.
AİB-in məlumatına görə, bankın Direktorlar Şurası layihəyə kreditin ayrılmasını iyulun 25-də təsdiq etməyi planlaşdırır.
Xatırladaq ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) da “Qaradağ” GES-in tikintisi üçün “Masdar Azerbaijan Energy Limited Liability Company”yə $51 milyon məbləğində kredit ayıracaq.
Layihənin dəyəri $240 milyon təşkil edir.
Layihənin həyata keçirilməsi 110 min mənzili elektrik enerjisi ilə təmin etməyə, ildə 110 milyon kubmetr qaza qənaət etməyə və 200 min ton karbon qazı emissiyasının qarşısını almağa imkan verəcək. Bu layihə Azərbaycana istilik enerjisinin istehsalından asılılığı azaltmağa, bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi ilə bağlı hədəflərə çatmağa kömək edəcək.
Layihənin həyata keçirilməsi nəticəsində Azərbaycanın enerji sistemində bərpa olunan enerjinin müəyyən edilmiş gücünün xüsusi çəkisi 16,5%-dən 21,2%-ə çatacaq.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank respublikaya $5 milyarddan artıq məbləğdə kredit ayırıb.*
R.Əhmədov