Bakı Ali Neft Məktəbində (BANM) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım mərasimi keçirilib.
Ali Məktəbin kollektivi və tələbələrinin iştirakı ilə keçirilən tədbir torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olmuş həmvətənlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov azərbaycanlılara qarşı törədilən soyqırımı hadisələrindən bəhs edərək xatırladıb ki, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında" fərmanı əsasında 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur: “1918-ci ildə Bakı Soveti və daşnak erməni silahlı dəstələri Bakı şəhərində, həmçinin Şamaxı, Quba, Xaçmaz və digər bölgələrdə azərbaycanlılara qarşı kütləvi qətllər, soyqırımı törədərək minlərlə insanı qətlə yetirib. Bu hadisələr tariximizin qanlı səhifələridir. Minlərlə azərbaycanlının soyqırımı qurbanına çevrildiyi tariximizin qan yaddaşına yazılan bu günlər unudulmamalı, daim xatırlanmalıdır.Xalqımızın başına gətirilən faciələrin təkrarlanmaması, tarixdən dərs çıxarılması üçün gənclərimiz, tələbələrimiz tariximizi dərindən öyrənməlidirlər. Gələcək nəsillər, həmçinin bilməlidirlər ki, bu gün Azərbaycanın Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə tarixi qələbə qazanmış güclü Ordusu və dövləti var ”.
Anım mərasimi 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videoçarxın nümayişi ilə yekunlaşıb.