Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, bu gün polşalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə görüşdə Ukrayna ətrafındakı vəziyyət müzakirə edilib.
“Polşanın ATƏT-də sədrliyi mürəkkəb bir vaxta təsadüf edir. Bugünkü görüşümüzdə Ukrayna ətrafında olan məsələlər müzakirə edilib. ATƏT-in üzvü olan bütün ölkələrin qarşısında bu münaqişəyə tez bir zamanda son qoyulması, atəşkəs əldə edilməsi və məsələnin siyasi-diplomatik yolla həll olunması ilə bağlı ciddi vəzifələr və çağırışlar durur. Bu məsələ hamımızı çox narahat edir. Bugünkü görüşün böyük hissəsi bu məsələyə həsr olunub”, - deyə C.Bayramov bu gün keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, görüşdə Ukraynaya humanitar yardımın göstərilməsi məsələsi də müzakirə olunub.
Nazir Ukraynadan 4 minə yaxın Azərbaycan vətəndaşının təxliyəsinə göstərdiyi köməyə görə Polşa tərəfinə təşəkkür edib. Münaqişənin əvvəlindən 20 minə yaxın Azərbaycan vətəndaşı Ukraynanı tərk edib.
Öz növbəsində, Rau Rusiyanın əməllərini pisləyib və vurğulayıb ki, Ukraynaya hücum regionun təhlükəsizliyinə təhdid yaradır. “Rusiyanın Ukraynaya əsassız hücumu ATƏT-in mövcudluğunu təhlükə altına qoyur. ATƏT münaqişələrin qarşısının alınması və kanalların yaradılması istiqamətində böyük rol oynayır”, - deyə o əlavə edib.*
X.Nəsirzadə