2022-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 461,8 milyon ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 39,4% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Hesabat dövründə ixracın strukturunda əsas həcm pambıq mahlıcı ($51,1 milyon, artım 37,7%), karbamid ($29,3 milyon, artım 17,2 dəfə), meşə fındığı ($28,6 milyon, artım 52,1%), xurma ($27,2 milyon, azalma 2,5%), pomidor ($24,5 milyon, artım 72,5%), metanol ($23,8 milyon, 2021-ci ilin yanvar-fevral aylarında ixrac həyata keçirilməyib), qızıl ($20,4 milyon, azalma 40,7%), sıxlığı 0,94-dən az olan ilkin formalı polietilen ($19,8 milyon, artım 29,4%) və ilkin formalı polipropilenin ($17,8 milyon, azalma 10,1%) payına düşüb.
Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Türkiyə ($153,3 milyon, artım 43,3%), Rusiya ($119,1 milyon, artım 39,3%), Gürcüstan ($28,1 milyon, azalma 0,7%), İsveçrə ($21 milyon, azalma 40,3%), İtaliya ($19,4 milyon, artım 4,7 dəfə) daxil olub. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 33,2%-i Türkiyənin, 25,8%-i RF-nin payına düşüb.
2021-ci ildə Azərbaycan $2,7 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2020-ci ilin göstəricisindən 47,2% çoxdur. İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2026-cı ilədək qeyri-neft məhsullarının ixrac həcmi $5 milyarda qədər artacaq.*
B.Rüstəmbəyov