Ötən otuz il ərzində Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edib və bundan sonra da edəcək. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanla Çin arasında diplomatik münasibətərin qurulmasının 30-cu ildönümü münasibətilə Çin Xalq Respublikasının sədri Si Cinpinə ünvanladığı məktubda qeyd edib.
Məktubun mətni Azərbaycan prezidentinin rəsmi saytında dərc olunub.
Əliyev qeyd edib ki, siyasi əlaqələrin yüksək səviyyəsi, iqtisadiyyat, nəqliyyat-logistika, telekommunikasiya, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq məmnunluq doğurur
O bəyan edib ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Azərbaycan Çin tərəfindən irəli sürülmüş “Kəmər və Yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olub.
“Ölkəmizdə nəqliyyat-tranzit və logistika sahəsində reallaşan infrastruktur layihələri və yaradılmaqda olan yeni dəhlizlər əməkdaşlığımız üçün böyük imkanlar açır”, - Azərbaycan prezidenti belə hesab edir.
Əliyev bildirib ki, “44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi Bakı ilə Pekin arasında əməkdaşlığın şaxələndirilməsi üçün əlverişli şərait yaradıb”. “Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında aparılan bərpa və yenidənqurma işlərinə daha çox Çin şirkətinin cəlb olunmasını dəstəkləyirik”, - o bəyan edib.
Dövlət başçısı vurğulayıb ki, Bakı və Pekinin ikitərəfli müstəvidə olduğu kimi beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığı mövcuddur. “Azərbaycan ilə Çin daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirlər”, - Əiyev qeyd edib. **
R.Kərimov