3 aprel tarixində saat 03:00 radələrində Bakı şəhərində yerləşən gecə klubunda bir nəfərin ölümü ilə nəticələnmiş partlayış faktı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarını pozma və səhlənkarlıq maddələri ilə cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindənməlumat verilib.
«Faktla bağlı Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb”, - Baş Prokurorluğun Facebook səhifəsində deyilir.
Qeyd olunub ki, Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb, istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.
Məlumatda deyilir ki, hadisənin ilkin ehtimallarla binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılan qaz balonundan sızma nəticəsində baş verməsi müəyyən olunub.
Xəbər verildiyi kimi, partlayış nəticəsində hazırda ölənlərin sayı bir nəfərdir, gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova. 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin, Baş Prokurorluğun məlumatında bildirilir ki, 14 avtomobil, bir mənzil və iki qeyri yaşayış obyektinə ziyan dəyib.**
R.Kərimov