Aprelin 3-də Bakıda gecə klubunda prtlayış nəticəsində xəsarət şəxslərdən reanimasiyada olan üçünün vəziyyəti kritik qiymətləndirilir. Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirilib.
Bazar günü yayılan birgə məlumatda qeyd olunur ki, partlayış zamanı ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb, bir nəfər vəfat edib.
“Xəsarət alan şəxslərdən reanimasiyada olan yeddi nəfərdən üçünün vəziyyəti kritik, 10-nun vəziyyəti orta ağır, 6 nəfərin isə stabil olaraq qiymətləndirilir”, - məlumatda deyilir.
Xəsarət alan digər şəxslər ambulator yardım alaraq evə buraxılıblar.
Son məlumata görə, xəsarət alan şəxslərdən Nərimanov Tibb Mərkəzində müalicə alan iki nəfər müayinə olunub, ilkin tibbi müdaxilədən sonra vəziyyətləri qiymətləndirilərək evə buraxılmalarına icazə verilib.
Bildirilib ki, baş vermiş partlayış zamanı xəsarət alanlardan ikisi xarici ölkə vətəndaşıdır.
Məlumatda vurğulanır ki, İtaliya vətəndaşı üz-çənə zədələnməsi diaqnozu ilə Respublika Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyəti stabildir. Seneqal vətəndaşı isə Nərimanov Tibb Mərkəzinə yerləşdirilib və vəziyyəti ağır olaraq dəyərləndirilir.
Xəbər verildiyi kimi, 3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğınla nəticələnən partlayış baş verib. Hadisə nəticəsində bir nəfər, klubun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb”, - Baş Prokurorluğun Facebook səhifəsində deyilir.
Qeyd olunub ki, Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb, istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.
Məlumatda deyilir ki, hadisənin ilkin ehtimallarla binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılan qaz balonundan sızma nəticəsində baş verməsi müəyyən olunub. **
R.Kərimov