Bakıda gecə klubunda partlayış nəticəsində xəsarət alan 18 nəfərin tibb müəssisələrində müalicəsi davam edir. Bu barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) məlumat verilir.
“Hazırda tibb müəssisələrində ümumilikdə, 18 nəfər müalicə alır. Onlardan 15-i TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir”, - Birliyin Facebook səhifəsində məlumat verilir.
Qeyd olunub ki, xəsarət alan şəxslərdən reanimasiyada olan yeddi nəfərdən 3-nün vəziyyəti kritik ağır, stasionarda müalicə alan beş nəfərin vəziyyəti stabil ağır, 6-sının vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
TƏBİB-dən dəqiqləşdirilib ki, gün ərzində ambulator müalicə üçün 6 nəfər evə göndərilib.
Xəbər verildiyi kimi, 3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğınla nəticələnən partlayış baş verib. Hadisə nəticəsində bir nəfər, klubun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb”, - Baş Prokurorluğun Facebook səhifəsində deyilir.
Qeyd olunub ki, Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb, istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.
Məlumatda deyilir ki, hadisənin ilkin ehtimallarla binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılan qaz balonundan sızma nəticəsində baş verməsi müəyyən olunub. **
R.Kərimov