Rusiya Xarici İşlər Nazirliyi RF ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar bəyanat yayıb.
Bəyanatda deyilir ki, iki ölkə arasında 150-dən artıq beynəlxalq hüquqi akt, o cümlədən əməkdaşlıq və strateji tərəfdaşlıq haqqında müqavilələr imzalanıb.
RF XİN-dən vurğulayıblar ki, Bakı və Moskva ikitərəfli münasibətlərdə bərabər hüquqluluq və mehriban qonşuluq prinsiplərini rəhbər tutur.
“Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşıdır. İki ölkə arasında münasibətlər bərabər hüquqluluq və mehriban qonşuluq prinsiplərinə, çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə obyektiv şərait yaradır. Ali səviyyədə, xarici siyasət idarələri xətti ilə, habelə parlament xətti üzrə, əsas idarələrin rəhbərləri səviyyəsində əməkdaşlıq fəal inkişaf edir”, - deyə bəyanatda qeyd olunur.
XİN bildirir ki, 2024-cü ilə qədər olan dövr üçün Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı həyata keçirilir. Beş yol xəritəsi çərçivəsində ticarətdə mövcud maneələrin aradan qaldırılması, nəqliyyat infrastrukturunun inkişafı, elmtutumlu birgə istehsalatlar yaradılması, Azərbaycan iqtisadiyyatının səmərəsinin artırılması üçün Rusiya texnologiyalarından istifadə edilməsi, qarşılıqlı turizm mübadiləsinin artırılması nəzərdə tutulur.
Hərbi-texniki əməkdaşlıq inkişaf edir, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Qarabağ üzrə sülh prosesinə fəal kömək edir, Xəzərətrafı bölgədə əməkdaşlıq dinamik inkişaf edir.
“Regionlararası əməkdaşlıq dinamik şəkildə genişlənir. Rusiya Federasiyasının 83 subyektindən 72-si Azərbaycanla əməkdaşlıq edir. Fəal tərəfdaşlar arasında Dağıstan, Tatarıstan, Moskva və Sankt-Peterburq şəhərləri, Həştərxan, Moskva, Saratov, Sverdlovsk, Çelyabinsk vilayətləri və digər regionlar var”, - deyə bəyanatda bildirilir.
Bəyanatda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ikitərəfli münasibətlərlə bağlı fikirləri də yer alıb: “Rusiya-Azərbaycan əlaqələrinin gələcəyinə nikbinliklə baxırıq. Əminik ki, əlaqələrin daha da dərinləşməsi ölkələrimizin vətəndaşlarının təməl maraqlarına cavab verir, Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə töhfə verməyə xidmət edir. Rusiyada Azərbaycanı çiçəklənən, ən geniş əməkdaşlığa açıq olan dövlət kimi görmək istəyirlər”.*
E.Şəfiyev