Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə rusiyalı həmkarı Vladimir Putinə təbrik məktubu ünvanlayıb.
“Bu gün fəal siyasi dialoq, ticari-iqtisadi, nəqliyyat, energetika, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıqla səciyyəvi olan dövlətlərarası əlaqələrimiz böyük məmnunluq doğurur. Qarşılıqlı ticarətin və investisiyaların davamlı artımı, sanballı müqavilə-hüquq bazası, müxtəlif sahələrdə birgə layihələrin və təşəbbüslərin səmərəli reallaşdırılması ikitərəfli münasibətlərin dinamik inkişafına parlaq sübutdur”, - deyə Azərbaycan Prezidentinin rəsmi saytında dərc olunmuş təbrikdə bildirilir.
“Regionlararası kooperasiya da bizim dövlətlərarası münasibətlərin mühüm tərkib hissəsidir. Azərbaycan Rusiya Federasiyasının çoxsaylı subyektləri ilə fəal qarşılıqlı əlaqə saxlayır, bununla da bütün səviyyələrdə əlaqələrimizin genişlənməsinə şərait yaradır. Əminəm ki, biz birgə səylərimizlə bundan sonra da ikitərəfli əməkdaşlığın aktual məsələlərini reallaşdıra, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin xalqlarımızın və ölkələrimizin mənafeyi naminə möhkəmlənməsi üçün yeni imkanlar aça biləcəyik”, - deyə təbrikdə vurğulanır.
İ.Əliyev Putinə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Rusiya xalqına isə əmin-amanlıq və firavanlıq arzu edib.*
B.Rüstəmbəyov