Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov aprelin 4-də Bakıda Avropa Şurasının (AŞ) baş katibi Mariya Peyçinnoviç Buriç ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Tərəflər Azərbaycanla Avropa Şurası arasında qarşılıqlı əməkdaşlığın hazırkı durumu və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar”, - deyə məlumatda bildirilir.
C.Bayramov Azərbaycanın AŞ ilə 21 illik əməkdaşlığı ərzində 65 müqavilənin ratifikasiya edildiyini, əlavə olaraq 7 müqavilənin imzalandığını qeyd edib. Nazir Azərbaycanın ehtiyacları və AŞ-nın tövsiyələri əsasında işlənib hazırlanan və ümumi əməkdaşlıq çərçivəsini təşkil edəcək yeni, 2022-2025-ci illər üzrə Fəaliyyət Planının vacibliyini vurğulayıb.
“Görüşdə tərəflər regional və beynəlxalq gündəliyin aktual məsələləri, Ukraynada və ətrafındakı vəziyyəti, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər”, – deyə məlumatda vurğulanır.*
E.Şəfiyev