Bakıda gecə klubunda baş verən partlayışda yaralananlardan 16 nəfər hazırda xəstəxanalarda müalicə alır. Bu barədə Səhiyyə Nazirliyinin məlumatında deyilir.
“Hazırda xəstəxanalarda 16 yaralı müalicə alır. Onlardan 13-ü dövlət tibb müəssisələrində müalicəsini davam etdirir”, - deyə məlumatda bildirilir.
Reanimasiya şöbəsində müalicə alan 7 nəfərdən 3-nün vəziyyəti kritikdir. Stasionarda müalicə alan digər 5 nəfərin vəziyyəti stabil ağır, 4-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Xəbər verildiyi kimi, 3 aprel saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış baş verib. Partlayış nəticəsində ölənlərin sayı 1 nəfərdir (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova). 30-dan çox insan xəsarət alıb. Yaralananlar arasında əcnəbilər də var.
Baş Prokurorluqdan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
Hadisənin ilkin ehtimallarla binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılmış qaz balonundan sızma nəticəsində baş verməsi müəyyən olunub.*
B.Rüstəmbəyov