Ermənistan I Qarabağ müharibəsində itkin düşmüş 100 nəfərə aid olması ehtimal edilən meyit qalıqlarını Azərbaycana verib. Bunu bu gün keçirilən mətbuat konfransında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov deyib.
Onun sözlərinə görə, həmçinin 60-a yaxın şəxsə aid olması ehtimal olunan meyit qalıqları Azərbaycan hərbçiləri və digərləri tərəfindən müəyyən edilərək Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
İ.Axundov əlavə edib ki, Qarabağda kütləvi məzarlıqların axtarışı və meyitlərin ekshumasiya işləri davam etdiriləcək. “Bizim sonuncu əməliyyatımız Fərrux yüksəkliyində baş tutub. Amma biz fikirləşirik ki, bu, son deyil. Ona görə ora qayıdacaq və ekshumasiya işlərini davam etdirəcəyik. Eyni zamanda, Edillidə də bu işləri davam etdirəcəyik. Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində də meyit qalıqları tapılıb. Füzuli minalarla çirkləndiyi üçün biz hələ orada ekshumasiya işlərini apara bilmirik. Minalar təmizlənəndən sonra orada da bu işləri davam etdirəcəyik”, - deyə katib vurğulayıb.*
E.Şəfiyev