Belarusun Qrodnensk vilayəti Azərbaycanla iqtisadi əməkdaşlığın genişlənməsində maraqlıdır.
BELTA agentliyinin məlumatına görə, bu barədə Qrodnensk vilayəti İcra Komitəsinin sədri Vladimir Karanik Azərbaycanın Minskdəki səfiri Ülvi Baxşəliyev ilə görüşdən sonra bildirib.
“Bu, Belarus ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı perspektivləri nöqteyi-nəzərindən, çox yaxşı görüşdür. Artıq 2021-ci il Qrodnensk vilayətinin Azərbaycan müəssisələri ilə qarşılıqlı münasibətlərinin yaxşı dinamikasını nümayiş etdirib. Bu ölkəyə ixracın həcmi 200% artıb, ASK, ağac emalı və qida sənayesi məhsullarımızın ixracına maraq var”, - Karanik bildirib.
2021-ci ildə Qrodnensk vilayətinin Azərbaycanla ticarət dövriyyəsinin həcmi $17,5 milyon, həmçinin ixrac - $17,4 milyon, idxal - $0,1 milyon təşkil edib. Vilayətin 40-a yaxın müəssisəsi tərəfindən Azərbaycana daşımalar həyata keçirilib.
“Əməkdaşlıq üçün perspektivli istiqamətlərin sayı kifayət qədərdir. Bu, kənd təsərrüfatı və maşınqayırmadır. Biz qarşılıqlı münasibətləri inkişaf etdirmək məqsədilə səyləri iki dəfə artıracağıq. Ölkələrimiz arasında ticarət dövriyyəsi artır. Ötən il bu rəqəm $885 milyon təşkil edib. 2020-ci illə müqayisədə biz bu göstəricini iki dəfə artırdıq. Bu səviyyəni daha da qaldırmaq üzərində çalışacağıq”, - Baxşəliyev vurğulayıb.
Görüş zamanı Karanik qeyd edib ki, hər iki tərəfin təmas nöqtələri çoxdur.
Həmçinin, tərəflər turizm sahəsinin inkişafı, humanitar münasibətlər, təhsil, eyni zamanda, tarixi irsin qorunmasında perspektivlərin olduğunu qeyd ediblər. **
R.Əhmədov