Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozovu qəbul edib.
“Prezident Əliyev energetika sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd etdi, Azərbaycanın İsrailin mühüm neft təchizatçılarından biri olduğunu dedi. Prezident Azərbaycanda bərpaolunan enerjiyə artıq fəal şəkildə sərmayə qoyulduğunu bildirərək, İsrail şirkətlərinin də ölkəmizdə bu sahəyə maraq göstərdiyini qeyd etdi və bu istiqamətdə əməkdaşlıq üçün yaxşı potensialın olduğunu bildirdi”, - dövlət başçısının saytında məlumat verilir.
Prezident işğaldan azad olunmuş ərazilərimizdə (Qarabağ və Şərqi Zəngəzur - İF) aparılan bərpa və yenidənqurma işlərində İsrail şirkətlərinin iştirakından məmnunluğunu ifadə etdi.
“Əliyev əlaqələrimizin inkişafında həm Azərbaycanda, həm də İsraildə fəaliyyət göstərən diasporlarımızın rolundan danışdı, xalqlarımızın nümayəndələrinin əsrlər boyu birgə dostluq şəraitində yaşadıqlarını vurğuladı. Prezident yəhudi icmasının üzvlərinin birinci və ikinci Ermənistan-Azərbaycan müharibələrində iştirak etmələrinin və şücaət göstərməsinin ölkəmizdə ehtiramla qeyd olunduğunu bildirdi”, - məlumatda deyilir.
Razvozov, öz növbəsində yəhudi icmasının Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşamasının İsraildə yüksək qiymətləndirildiyini dedi və bu baxımdan Azərbaycanın nümunəvi ölkə olduğunu vurğuladı. “İsrail həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Biz ölkənizin ərazi bütövlüyünün bərpa olunmasını alqışlayırıq. Bu, çox önəmlidir”, - o deyib.
Nazir həmçinin İsrail şirkətlərinin ölkəmizin işğaldan azad edilmiş ərazilərində müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, ağıllı şəhər, energetika, su təchizatı və digər sahələrdə iştirak etməkdə də maraqlı olduqlarını dedi.
“Azərbaycanın biznes üçün çox yaxşı imicə malikdir, ölkədə biznes fəaliyyəti üçün təhlükəsiz və təminatlı şərait mövcuddur. Bu, İsrail şirkətləri üçün cəlbedicidir», - Razvozov qeyd edib. **
E.Şəfiyev