2–3 iyun tarixlərində paytaxtda Bakı Enerji Forumu keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan”a tədbirin təşkilatçısı «Iteca Caspian» şirkətindən məlumat verilib.
“Bakı Enerji Forumu ənənəvi “Xəzər Neft və Qaz” (“Caspian Oil & Gas”) konfransının missiyasını daha geniş spektrdə davam etdirəcək. Bu qərar bütövlükdə regiondakı enerji sektorunun monitorinqi və bazarın tələbatını nəzərə alınaraq qəbul edilib”, - şirkətdən məlumat verilib.
Forumun işində Azərbaycanın energetika naziri Pərviz Şahbazov, ABŞ Dövlət Departamentinin Enerji ehtiyatları Bürosu katibinin köməkçisinin müavini Laura Loçmen, Avropa Komissiyası Energetika üzrə Baş İdarənin direktoru Kristina Lobillo Borrero, SOCAR şirkətinin prezidenti vəzifəsini müvəqqəti icraçısı və birinci vitse-prezident Rövşən Nəcəf, bp şirkətinin İstehsalat və Əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel, həmçinin Uniper, Masdar, Equinor və dünyanın digər aparıcı enerji şirkətlərinin nümayəndələri iştirak edəcəklər.
“Forum çərçivəsində “İnkişaf yollarının kəsişməsində enerjinin gələcəyi”, “Yaşıl enerjinin yenilənməsi”, “Covid-19 pandemiyasının enerji sektoruna təsiri və bərpa proqnozları”, “Yeni enerji erasında neft və qaz üçün yeni meyarlar. Neft və qaz şirkətindən enerji şirkətinə”, “Neft və qaz texnologiyaları”, “Neft və qazın işlənməsində Süni intellekt (AI)” və s. məsələlər müzakirə olunacaq”, - təşkilatçılar məlumat verir.
O cümlədən, Forum iştirakçıları Azərbaycanın bərpa olunan enerji potensialı və inkişafa dair imkanlaı, xalis sıfıra keçid üçün mümkün yol xəritələrini, yaşıl enerjiyə keçidin maliyyələşdirilməsində özəl-dövlət tərəfdaşlığının əhəmiyyətini, dekarbonlaşmış və bərpa olunan qazlar (biometan, sintetik MTQ, azot) və karbonun tutulması, isrifadəsi və yığılıb saxlanması məsələlərini müzakirə edəcəklər. **
N.Abbasova