Azərbaycanın energetika naziri Pərviz Şahbazov məlumat verib ki, Dünya Bankının missiyası ilə enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.
“Dünya Bankının enerji və infrastruktur üzrə missiyası ilə elektrik enerjisi bazarının inkişafına və dənizdə külək enerjisinin istehsalına dair yol xəritələri, Enerji Səmərəliliyi, dekarbonizasiya, eləcə də yeni əməkdaşlıq imkanları ilə bağlı səmərəli müzakirələrimiz oldu”, – Şahbazov Twitter hesabında yazıb.
DB-nin Bakı ofisindən “İnterfaks-Azərbaycan”a bəyan ediblər ki, bank enerji sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır. “Biz hazırda iki layihə - elektrik enerjisi bazarının inkişafı və dəniz külək enerjisi potensialı üzrə Azərbaycan hökumətinə yardım göstəririk. Lakin bu sahədə digər layihələri də Azərbaycan hökuməti ilə müzakirə etməyə hazırıq”, - bankdan vurğulanıb. **
N.Abbasova, A.Əzizov