“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sənədli əməliyyatlar və ticarətin maliyyələşdirilməsi üzrə portfeli 1 milyard manata çatıb.
Bankdan bildirilir ki, ABB biznes qurumlarına ehtiyac duyduqları sənədli əməliyyatların ən müxtəlif növlərini təklif edir. Müştərilər Bankın akkreditiv, bank qarantiyası, inkasso, layihələrin maliyyələşməsi məhsullarından rahatlıqla istifadə edə bilərlər.
“ABB xaricdə ən geniş müxbir şəbəkəsinə malik Azərbaycan bankıdır. Dünyanın 30-a yaxın bankında, o cümlədən 4 ABŞ bankında müxbir hesabları var. Bundan başqa, 30-dan çox nüfuzlu bankla tərəfdaşlıq edərək sənədli əməliyyatların və ticarətin maliyyələşdirilməsi əməliyyatlarının aparılması üçün kredit xəttləri mövcuddur. Eyni zamanda, xarici bankların vəsaitləri hesabına layihələrin 10 ilə qədər müddətdə maliyyələşdirilməsinə şərait yaratmaq imkanındadır”, - məlumatda vurğulanır.
“Azərbaycan Beynəlxalq Bankı” ASC 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 95,59% təşkil edir. Bütövlükdə, kapitalda 99,66% pay dövlətə məxsusdur.**
R.Əhmədov