Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin aprelin 6-da Brüsseldə keçirilmiş görüşündə əldə olunmuş razılaşmalar Bakının maraqlarına uyğundur. Bu barədə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
XİN bu görüşü regional təhlükəsizliyin təmin olunması məsələsində vacib addım kimi qiymətləndirir.
“Aİ Şurasının Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü, Azərbaycanın maraqlarına uyğun olaraq və bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafının təmin olunması istiqamətində atılmış növbəti önəmli addımdır”, - deyə bəyanatda vurğulanır.
XİN qeyd edir ki, hələ bir il bundan öncə Azərbaycan tərəfindən irəli sürülən təşəbbüs və bir müddət öncə tərəfimizdən təqdim edilən baza prinsipləri əsasında iki ölkə arasında sülh sazişinin hazırlanmasına başlanılması ilə bağlı hər iki ölkənin xarici işlər nazirlərinə təlimat verilib.
Bundan başqa, iki dövlət arasında sərhədin delimitasiya və demarkasiyasının vacibliyi ifadə edilib və bu xüsüsda, cari ilin aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının təşkil edilməsi razılaşdırılıb.
“Görüş zamanı humanitar tədbirlərin tərəflər arasında sülh və etimadın təşviq olunması baxımından əhəmiyyəti, o cümlədən itkin düşmüş şəxslərlə bağlı məsələlər, minaların təmizlənməsinin vacibliyi vurğulanaraq, Aİ-nin bölgədə aparılan humanitar minatəmizləmə, eləcə də reabilitasiya və rekonstruksiya işlərinə dəstək verəcəyi qeyd olunub. Həmçinin iki ölkə arasında nəqliyyat və kommunikasiyaların, o cümlədən həm dəmir yolları, həm də avtomobil yollarının açılmasının əhəmiyyəti qeyd edilib. Aİ-nin nəqliyyat bağlantı infrastrukturunun inkişafını dəstəkləməyə hazır olduğu bir daha bəyan edilib”, - deyə bəyanatda qeyd olunur.*
X.Nəsirzadə