Ermənistan və Azərbaycanın sülh sazişi ilə bağlı təklif etdiyi prinsiplər və məsələlər danışıqların yekunları üzrə dəqiqləşdirilməli və ümumiləşdirilməlidir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin Brüssel görüşünün yekunları üzrə iki ölkənin xarici işlər nazirlərinə sülh danışıqlarına hazırlıq işlərinə başlamaq tapşırılıb. Bu o deməkdir ki, Ermənistan və Azərbaycanın sülh sazişi ilə bağlı təklif etdiyi prinsiplər və məsələlər dəqiqləşdirilməli və ümumiləşdirilməlidir”, - deyə Paşinyan bu gün hökumətin iclasında bildirib.
O qeyd edib ki, Azərbaycanın təkliflərində qəbuledilməz heç nə yoxdur, lakin onlar sülh müqaviləsi gündəmini (xüsusilə Qarabağın yekun statusunun dəqiqləşdirilməsini) tam əks etdirmir.
Paşinyan vurğulayıb ki, bu məsələlər danışıqların predmeti olmalıdır. “Bu prosesdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakını vacib hesab edirik və bu istiqamətdə işləməliyik”, - deyə baş nazir qeyd edib.
Azərbaycan Prezidenti İlham Əliyevlə aprelin sonuna qədər Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası məsələləri ilə bağlı ikitərəfli komissiyanın yaradılması barədə əldə edilmiş razılaşmaya toxunan Paşinyan bildirib ki, komissiya ikili mandata malik olacaq: sərhədin delimitasiyasının və sərhəd xətti boyunca təhlükəsizliyin və sabitliyin təmin edilməsi.
Onun sözlərinə görə, Rusiya və Avropa İttifaqı sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə kömək etməyə hazır olduqlarını bildiriblər.
“Bizim mövqeyimiz ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında de-yure sərhəd sovet dövrünün mövcud sərhəd xəttidir. Sərhədin delimitasiyası ilə bağlı işlərə başlanılmalı, eyni vaxtda təhlükəsizliyin və sabitliyin təmin edilməsi istiqamətində tədbirlər görülməlidir”, - deyə baş nazir qeyd edib.
Paşinyan, həmçinin deyib ki, Brüssel görüşündə regional kommunikasiyaların açılması məsələləri müzakirə olunub və müəyyən uyğunsuzluqların həlli yollarının axtarılması istiqamətində işlərin davam etdirilməsi ilə bağlı razılığa gəlinib.*