İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Irşad Electronics” MMC-yə qarşı maliyyə sanksiyası tətbiq edib.
Xidmətin açıqlamasında deyilir ki, dünyada baş verən proseslər fonunda qeyri-ərzaq məhsullarının qiymətində dəyişikliklər müşahidə olunur.
“Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinihsar qanunvericiliyinin tələblərinin pozulmaması və haqsız rəqabətə yol verilməməsi üçün kompleks tədbirləri davam etdirir. Bu tədbirlər çərçivəsində Dövlət Xidməti tərəfindən mobil telefon cihazları bazarında araşdırmalar zamanı təsərrüfat subyektlərinə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərilib”, - deyə açıqlamada bildirilir.
“Irşad Electronics” MMC, “İnteqral” QSC, “Soliton LTD” MMC və “Elcore Distribution Az” MMC tərəfindən sorğuda tələb olunan sənəd və məlumatlar təqdim edilmədiyi üçün həmin təsərrüfat subyektləri barəsində iş qaldırılıb.
“Aprelin 7-də “Irşad Electronics” MMC-yə qarşı qaldırılan işə baxılıb, müvafiq göstərişlər verilib və təsərrüfat subyektinə qarşı maliyyə sanksiyası tətbiq edilib”, - deyə açıqlamada qeyd olunur.*
B.Rüstəmbəyov