“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2022-ci ildə Azərbaycanda ÜDM-in artımını 2,7% səviyyəsində proqnozlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, “Fitch Ratings” Rusiya-Ukrayna münaqişəsinin təsirlərinə məruz qalması səbəbindən MDB+ ölkələrinin iqtisadi artım üzrə gözləntilərini endirib. Bununla belə, agentlik qeyd edir ki, münaqişənin region ölkələrinə təsiri fərqlidir, çünki neft-qaz istehsalçıları ixrac qiymətlərinin yüksək olmasından faydalanacaq.
“Bu, Azərbaycanın nümunəsində daha da nəzərə çarpır. Neft və qaz ixrac edən bu ölkə yüksək tələbat və qiymətlərdən faydalanacaq”, - deyə agentliyin icmalında bildirilir.
“Fitch”in qiymətləndirmələrinə görə, bu il Azərbaycan iqtisadiyyatı 2,7% (2021-ci ilin noyabrında agentlik 2022-ci il üçün ÜDM artımını 2,9% səviyyəsində proqnozlaşdırmışdı) artacaq, orta illik inflyasiya 8,7% (noyabr proqnozu - 6,4%) təşkil edəcək.
Agentlik qeyd edir ki, neft və qaz qiymətlərinin yüksək olması və ixrac gəlirlərinin artması hesabına bu il Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 23,7%-ni (əvvəlki proqnoz – 7,9%) təşkil edəcək. Bu isə suveren aktiv ehtiyatlarını daha da möhkəmləndirməyə kömək edəcək.
Azərbaycan hökuməti 2022-ci ildə ÜDM-in artımını 3,9%, orta illik inflyasiyanı 4% səviyyəsində proqnozlaşdırır.
2021-ci ildə Azərbaycanda ÜDM 5,6% artıb, orta illik inflyasiya 6,7%, tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 15,2%-ni təşkil edib.*
N.Abbasova