Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dövlət sərhədinin Kəlbəcər və Laçın rayonu sahəsində yerləşən bir sıra döyüş mövqelərinə baxış keçirib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Qeyd olunub ki, döyüş növbətçiliyinin gecə və gündüz keyfiyyətli təşkili və aparılması üçün hər cür şərait mövcuddur. Müşahidə məntəqələri müasir texniki avadanlıqlarla təchiz olunub”, - deyə məlumatda bildirilir.
Müdafiə naziri döyüş növbətçiliyinin təşkili və qoşunların döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.
Daha sonra nazirliyin rəhbər heyəti hərbi hissələrin parkında texnikaların saxlanma şəraiti, istismarı və göstərilən texniki xidmətin keyfiyyəti ilə maraqlanıb. Texniki xidmət və təmir məntəqələrində yaradılan şəraitlə tanış olan müdafiə nazirinə bildirilib ki, müasir avadanlıqlarla təchiz olunan məntəqələrdə döyüş texnikaları və avtomobillərə texniki xidmətin göstərilməsi üçün hər cür şərait yaradılıb. Bu məntəqələrdə döyüş texnikası və nəqliyyat vasitələrinə planlı şəkildə mövsümi qulluğun göstərilməsi nəzərdə tutulub.
“Kəlbəcər və Laçın rayonlarında tikintisi davam edən bir neçə hərbi obyektdə aparılan inşaat işlərinin gedişatını yoxlayan Z.Həsənov tikinti işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev