Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti (DSX) İrandan ümumi çəkisi 25 kq-a yaxın narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısının alınması barədə məlumat yayıb.
7 aprel tarixində saat 21:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkəti müşahidə olunub, sərhəd pozucularının hərəkəti nəzarətə götürülüb.
“Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılaraq sərhəd pozucularının təqibinə başlanılıb. Sərhəd naryadının “Dayan” əmrinə və havaya xəbərdarlıq atəşinə məhəl qoymayan sərhəd pozucuları sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin qəsdən öldürülməsinə cəhd ediblər. Sərhəd naryadı tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq silah tətbiq edilib, sərhəd pozucularından biri zərərsizləşdirilib, digəri saxlanılıb, 1 nəfər isə havanın qaranlıq şəraitindən istifadə edib sərhəd naryadına qarşı silahlı müqavimət göstərməklə gizlənib. Hal-hazırda onun saxlanılması istiqamətində axtarış qrupları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir”, - deyə məlumatda bildirilir.
Zərərsizləşdirilmiş sərhəd pozucusunun yanında AKM tipli Kalaşnikov avtomatı, 2 ədəd bağlamadan 24 kiloqram 730 qram narkotik vasitə aşkar olunaraq götürülüb.
Saxlanılmış sərhəd pozucusu özünü İran vətəndaşı Piran Behzat Məhəmməd olaraq təqdim edib.
“Qeyd edilən faktla bağlı cinayət işi başlanılıb, hazırda DSX və Baş Prokurorluq tərəfindən birgə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Baş vermiş hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi məlumatlandırılıb.*
X.Nəsirzadə