Prezident İlham Əliyev azərbaycanlı idmançıların 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında uğurla çıxış edəcəyini gözlədiyini bildirib.
33-cü Yay Olimpiya Oyunlarının 2024-cü il iyulun 26-dan avqustun 11-dək Parisdə keçirilməsi planlaşdırılır.
“İki ildən sonra Yay Olimpiya Oyunları keçiriləcək. Vaxt az qalıb və hesab edirəm ki, nəinki güləş, eyni zamanda, bütün idman növlərində lisenziya qazanacaq idmançılar bu əsas yarışa indidən hazırlaşmalıdırlar, düzgün təlim-məşq toplanışları, yarışlar müəyyən edilməlidir. Əminəm ki, belə də olacaq və Yay Olimpiya Oyunlarında da biz bir daha ölkəmizin gücünü, idman gücünü göstərəcəyik”, - deyə dövlət başçısı Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini bu gün qəbul edərkən bildirib.
O vurğulayıb ki, idmançılar Olimpiadada uğurla çıxış etmək üçün səy göstərməlidir.
“Çünki Olimpiya Oyunları, Yay Olimpiya Oyunları bütün idman yarışları arasında, əlbəttə ki, xüsusi yer tutur, fərqlənir. Hesab edirəm ki, bütövlükdə növbəti Olimpiya Oyunlarında Azərbaycan çox uğurla çıxış edə bilər. İndidən bir şey deyə bilmərəm, çünki hələ iki il vaxt var, amma gərək bütün səylərimiz məhz bu məqsədə çatmaq üçün hesablansın”, - deyə İ.Əliyev qeyd edib.*
E.Şəfiyev