Prezident İlham Əliyev Azərbaycan idmançılarını feyr-pley prinsipinə həmişə əməl etməyə çağırıb.
“Ədalət, eyni zamanda, mərhəmət, məğlub edilmiş tərəfə müəyyən dərəcədə mərhəmət hisslərinin göstərilməsi xalqımıza xas olan xüsusiyyətlərdən biridir. Əsas odur ki, biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etməliyik. Misal üçün, biz indi bunu futbol yarışlarında da gördük. Bizim məşhur məşqçimiz Qurban Qurbanov çox ləyaqətli hərəkət etmişdir və qol sayıla biləcək vəziyyətdə demişdir ki, yox, bu, bizə lazım deyil, bizə saxta nailiyyət lazım deyil, qazanılmamış uğur lazım deyil. Nəyi qazanmışıqsa, öz əməyimizlə qazanmışıq. O cümlədən Qarabağ məsələsini də öz əməyimizlə, gücümüzlə, zəkamızla həll etmişik”, - deyə dövlət başçısı Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini bu gün qəbul edərkən bildirib.
O qeyd edib ki, Azərbaycan idmançıları idman yarışlarında feyr-pley prinsipinə həmişə əməl etməlidirlər. “Çünki bu, qələbədən də vacibdir. Çünki bilirsiniz, qələbə, əlbəttə, hər bir idmançı üçün çox önəmlidir, onun həyatında, necə deyərlər, böyük iz buraxır. Ancaq qələbədən daha vacib ləyaqətdir”, - deyə İ.Əliyev vurğulayıb.*
E.Şəfiyev