Azərbaycan Mərkəzi Bankında (AMB) Fransa Sahibkarlar Təşkilatı – “MEDEF International”ın icraçı direktoru Filip Qotyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə AMB-nin mətbuat xidmətindən məlumat verilib.
“Səfərin məqsədi Fransa şirkətləri ilə onların Azərbaycan tərəfdaşları arasında birbaşa əlaqələri inkişaf etdirmək və Fransa ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən etməkdən ibarətdir. Nümayəndə heyəti tərəfindən qeyd olunub ki, Azərbaycanın əlverişli investisiya mühiti Fransa biznes subyektləri üçün də imkanlar açır və bu xüsusda post-pandemiya mərhələsində ölkənin qeyri-neft sektorunun şaxələndirilməsi, xüsusən də işğaldan azad edilmiş ərazilərin yenidən qurulması prioritetləri ilə tanışlıq mühüm məsələlər kimi diqqəti çəkir”, - deyə məlumatda qeyd olunur.
Görüşdə pul siyasətinin əsas istiqamətləri, inflyasiya prosesləri ilə mübarizə tədbirləri, həmçinin bank-sığorta fəaliyyətində iştirak məsələləri müzakirə olunub və qarşıdakı dövrdə də qeyd olunan məsələlər ətrafında müzakirələrin davam etdirilməsinin zəruriliyi vurğulanıb.
“MEDEF International” 1989-cu ildə Fransa Biznes Konfederasiyası olan MEDEF tərəfindən yaradılmış qeyri-kommersiya özəl təşkilatıdır və hazırda Fransanın ən böyük biznes federasiyasıdır. Təşkilat fransız şirkətlərinin nou-haularını kollektiv fəaliyyət vasitəsilə xaricdə təşviq etmək məqsədi daşıyır, xüsusilə də inkişaf etməkdə olan bazarlarda ticarət, texnologiya əməkdaşlığı və investisiya, uzunmüddətli tərəfdaşlığı dəstəkləyir.*
X.Nəsirzadə