Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə prezidentlər İlham Əliyev və İsxak Hersoq arasında məktub mübadiləsi olub.
“Məmnunluqla qeyd etmək istəyirəm ki, ötən 30 ildə siyasi, iqtisadi, hərbi-texniki, səhiyyə, mədəni və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf etmiş, dostluq əlaqələrimiz daha da möhkəmlənmişdir”, - deyə İ.Əliyevin təbrik məktubunda bildirilir.
Dövlət başçısı qeyd edib ki, bu gün ölkələrimiz arasında əməkdaşlığın inkişafı və əhatə dairəsinin genişlənməsi üçün yaxşı imkanlar vardır.
Öz növbəsində, Hersoq təbrikində bildirib: “İkitərəfli münasibətlərimiz üçün çox əhəmiyyətli olan bu ildönümünü qeyd etdiyimiz vaxtda ümidvaram ki, Azərbaycanın İsraildə səfirliyinin açılması kimi yeni əlamətdar hadisənin şahidi olacağıq. Bunun ticarət və turizm nümayəndəliyinin açılışından sonra baş tutması isə təbii bir addım olacaq və bu, ölkələrimiz arasında sıx, strateji əlaqələrin olmasının təsdiqidir”.
“Mən Azərbaycanın yeni səfirliyinin açılışında birgə iştirak etməyimiz üçün qarşıdakı ildə Zati-alinizi bir daha ölkəmizə səfərə dəvət etmək istərdim”, - deyə o vurğulayıb.*
B.Rüstəmbəyov