Xarici işlər naziri Ceyhun Bayramov aprelin 8-də Misir Ərəb Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Hişam Mohamed Nağı Abdel Həmidin etimadnaməsinin surətini qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Görüşdə Azərbaycan və Misir arasında iqtisadiyyat, elm-təhsil, enerji, turizm, hava nəqliyyatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.
Bayramov və Abdel Həmid iki ölkənin beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində sıx əməkdaşlığını qeyd edib və bu əməkdaşlığın gələcəkdə genişləndirilməsinin vacibliyini vurğulayıblar.
“Səfir azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq layihələrinə Misir şirkətlərinin maraq göstərdiyini bildirib”, - deyə məlumatda qeyd olunur.
İki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinə dair qarşılıqlı razılıq ifadə olunub.*