Aprelin 3-də Bakıdakı gecə klubunda baş vermiş partlayış zamanı xəsarət alanlardan biri vəfat edib, bununla da hadisə nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
“Özəl tibb müəssisəsində müalicə alan Gülbala Abdullayev vəfat edib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi”, - deyə TƏBİB-in mətbuat xidmətinin rəhbəri Zamirə Ədilova Facebook səhifəsində yazıb.
Xəbər verildiyi kimi, 3 aprel saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış baş verib. Partlayış nəticəsində 3 nəfər həlak olub, 30-dan çox adam xəsarət alıb. Yaralananlar arasında əcnəbilər də var.
Baş Prokurorluqdan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
Hadisənin ilkin ehtimallarla binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılmış qaz balonundan sızma nəticəsində baş verməsi müəyyən olunub.*
R.Kərimov