Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub.
Kremlin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, telefon danışığı Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutub.
“Telefon danışığı zamanı aprelin 6-da Brüsseldə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılmış danışıqların nəticələri müzakirə edilib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli razılaşmaların tam şəkildə icrasının, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı üzrə üçtərəfli İşçi Qrupunun fəaliyyətinin intensivləşdirilməsinin zəruriliyi vurğulanıb.
“Eyni zamanda Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə işlərə başlanılması və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanması məsələlərinə də toxunulub”, - deyə məlumatda qeyd olunur.
Tərəflər ikitərəfli münasibətlərin cari gündəliyi üzrə sıx əməkdaşlığın davam etdirilməsi üçün qarşılıqlı niyyəti bir daha ifadə ediblər.*