Azərbycan və Cənubi Koreya 2022-ci ilin ikinci yarısında Seul şəhərində iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinə dair danışıqlar aparılır.
Bu məsələ Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə Koreya Respublikasının Bakıdakı səfiri Li İn-Yonq arasında görüş zmanı müzakirə olunub. Bu barədə nazirlikdən məlumat verilir.
Bundan başqa, görüş zamanı iki ölkə arasında rəqəmsal transformasiya, innovasiya və startaplar sahəsində mövcud əməkdaşlıq və Koreyanın İKT ekspertlərinin Azərbycana dəvət olunması məsələsi müzakirə edilib.
Həmçinin, tərəflər innovasiya və “ağıllı şəhər” sahəsində həyata keçiriləcək layihələri, İT üzrə təhsil sahəsində münasibətlərin genişləndirilməsi imkanlarını, Azərbaycan mütəxəssislərinin Koreya İnternet Təhlükəsizliyi Agentliyi (KISA) tərəfindən təşkil olunan qısamüddətli kibertəhlükəsizlik təlimlərində iştirakı məsələlərini müzakirə ediblər.
Azərbaycan-Koreya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ikinci iclası 6 fevral 2020-ci ildə Bakıda keçirilib. **
N.Abbasova