2022-ci ilin mart ayında Azərbaycanda inflyasiya 1,1% əviyyəsində qeydə alınıb, bu da fevral ayının inflyasiyasına uyğundur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Mart ayında respublikada inflyasiya 1,1% təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,5%, qeyri-ərzaq mallarının qiymətləri 0,8%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,8% bahalaşıb”, - Komitədən bildirilir.
2022-ci ilin mart ayında inflyasiya 2021-ci ilin mart ayı ilə müqayisədə 12,1% təşkil edib.
Statistik məlumatlara əsasən, martda ət və ət məhsulları 0,6%, çörək məmulatları – 0,9%, meyvə - 1,8%, tərəvəz – 6,5%, spirtli içkilər – 0,7%, süd məhsulları – 0,8%, balıq məhsulları – 3,4% bahalaşıb.
Martda yumurta 7,4% ucuzlaşıb.
Mart ayının sonuna Azərbaycanda orta illik inflyasiya 12,2% (fevral ayının sonuna 12,2%) təşkil edib. Ərzaq məhsulları üzrə orta illik inflyasiya 17%, qeyri-ərzaq malları üzrə 6,2%, xidmətlər üzrə 10,1% təşkil edib.
2021-ci ildə orta illik inflyasiya 6,7% təşkil edib.
İqtisadiyyat Nazirliyi 2022-ci ildə Azərbaycanda orta illik inflyasiyanı 4% səviyyəsində proqnozlaşdırır. AMB-nin baza qiymətləndirmələrinə görə, 2022-ci ildə orta illik inflyasiya 6,6-7,1% təşkil edəcək. **
N.Abbasova