2022-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 10 milyard 998,4 milyon manatlıq istehlak malları satılıb ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 6 milyard 212.3 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları (artım 2,6%), 4 milyard 786,1 milyon manatlıq qeyri-ərzaq malları (artım 3,7%) satılıb.
2022-ci ilin yanvar-mart aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 56,5%-i ərzaq məhsullarının, içkilər və tütün məmulatlarının, 15,2%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,2%-i avtomobil benzini və dizel yanacağının, 4,7%-i elektrik malları və mebellərin, 2,4%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 14,9%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 13,3%, bazar və yarmarkalarda 1,1% artıb, fərdi sahibkarlar üzrə 1,3%, azalıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini 206,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 158,9 manatlıq qeyri-ərzaq malları alıb.
2021-ci ilin yekunları üzrə əhali istehlak mallarının alınması xərclərini 3,2% artırıb.**
N.Abbasova