Avropa İttifaqı (Aİ) ilə təmaslarımız müharibədən sonra daha intensiv xarakter alıb və Aİ postmünaqişə dövrünün reallıqlarını qəbul edib. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Avropa İttifaqı ilə təmaslarımız müharibədən sonra daha intensiv xarakter alıb. Həmçinin, Aİ postmünaqişə dövrünün reallıqlarını qəbul edib”, - Əliyev bu gün cari ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.
“Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlər keçirilib. Görüşlər haqqında məlumat verilib. Əlbəttə ki, həm ekspertlər, həm Azərbaycan ictimaiyyəti gördülər ki, yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur, bu da təbiidir. Çünki Azərbaycan buna etiraz etmişdir və “münaqişə” sözü də yoxdur. Bu da təbiidir, çünki münaqişə yoxdur. Münaqişə həll olunub”, - dövlət başçısı vurğulayıb.
O cümlədən, Əliyev qeyd edib ki, postmünaqişə dövrünün nəticələri, birinci ilin nəticələri deməyə əsas verir ki, qarşımızda duran bütün vəzifələr icra edilib.
“Biz, ilk növbədə, beynəlxalq təşkilatlarla öz təmaslarımızı və fəal əməkdaşlığımızı davam etdirmişik, dünyanın aparıcı beynəlxalq təşkilatları isə yeni reallıqları qəbul ediblər”, - prezident bildirib. **
B.Rüstəmbəyov